DÜNYA
ABŞ hələlik Koreya yarımadası yaxınlığında hərbi təlimlərə ehtiyac duymur
Bakı, 30 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp hələlik Cənubi Koreya ilə müştərək hərbi təlimlərin bərpasına ehtiyac olmadığını bildirib. “Hazırda ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinə çoxlu vəsait sərf etməyə səbəb yoxdur”, - prezidentin Ağ evin saytındakı tvitterində belə deyilir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Məlumatda, həmçinin Donald Trampın miqyasına görə əvvəlkiləri üstələyən təlimləri yenidən bərpa edə biləcəyi vurğulanır.
Eyni zamanda, ABŞ-ın müdafiə naziri Cim Mettis avqustun 28-də Vaşinqton və Seulun birgə manevrlərə başlamaq barədə məsələni yenidən müzakirə edə biləcəyini deyib. Bəyanat Pxenyanın aqressiv tonu səbəbindən Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun Trampın göstərişi ilə Pxenyana səfərinin ləğv olunmasının ardından səsləndirilib.
Qeyd edək ki, ABŞ və Koreya Respublikası arasında müştərək təlimlər Amerikanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə KXDR-lə danışıqları fonunda dayandırılmışdı.