DÜNYA
ABŞ-I QAR ÇOVĞUNU BÜRÜMÜŞDÜR
Bakı, 25 dekabr (AZƏRTAC). BBC-nin məlumatına görə, Birləşmiş Ştatların orta qərbini güclü qar çovğunu bürümüşdür. Güclü qar yağması və dolu düşməsi yollarda, aeroportlarda çaxnaşma yaratmışdır. Bəzi rayonlarda qarın hündürlüyü 60 santimetrə çatmışdır. Nebraska, Kanzas, Arizona ştatlarında yolların buz bağlaması nəticəsində 12 nəfər nəqliyyat qəzalarının qurbanı olmuşdur. Minneapolis şəhərinin aeroportunda təxminən 100 reys təxirə salınmışdır.
Dekabrın 24-də Milli Hava Xidməti Kanzas ştatı, habelə Şimali Dakota, Cənubi Dakota, Viskonsina, Minnesota və Nebraska ştatlarının bəzi rayonları, Texasın sahilyanı zonası üçün qasırğa xəbərdarlığı etmişdir. Xidmətin nümayəndəsi Pet Sletteri bildirmişdir ki, Kanada sərhədindən Texasa, həmçinin Kolorado ştatından İllinoysadək dəhşətli qasırğa hərəkət edir. Biz adamlara tövsiyə edirik ki, imkan daxilində gediş-gəlişlə bağlı planlarını təxirə salsınlar. Bu qasırğa ilə zarafat etmək olmaz.
Cənubi Dakotanın qubernatoru fövqəladə vəziyyət elan olunması barədə sərəncam vermişdir. Çikaqonun əsas iki aeroportunda qeyri-sabit hava üzündən 260-dan çox təyyarənin uçuşu müvəqqəti dayandırılmışdır.