ELM VƏ TƏHSİL
ABŞ İLƏ AZƏRBAYCANIN TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Fevralın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Amerika Birləşmiş Ştatları dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrell ilə göruşmüşdür.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə dünyada təhsil sahəsində gedən son proseslər, ABŞ ilə Azərbaycanın təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Azərbaycan gənclərinin ABŞ-ın ali təhsil ocaqlarında oxumaq imkanları, eyni zamanda müxtəlif sahələr üzrə istedadlı gənclərin ABŞ-da təhsil almaları üçün dil baryerinin olması əsas müzakirə obyektlərindən biri olmuşdur. Tərəflər bundan sonra Azərbaycan gənclərinin ABŞ-da təhsil almaları üçün əməkdaşlığın məqsədəmüvafiq olduğunu bildirmişlər.
Qonaq həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsinin onda xoş təəssürat yaratdığını bildirmişdir.