ABŞ-IN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş qəbulda çıxış edərək bildirdi ki, Birləşmiş Ştatların inkişafını söz, dini etiqad, seçim azadlığı kimi azadlıqlar və onların toxunulmazlığına inam formalaşdırmışdır. Demokratiya, dini dözümlülük, hər bir insanın hüquqlarının müdafiəsi uğrunda mübarizə və insanların xidmətində olan cəmiyyət yaradılması uğrunda mübarizə ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın və dostluğun əsasını təşkil edir.
Diplomat dedi ki, bu gün Amerika və Azərbaycan əsgərləri Kosovoda, Əfqanıstan və İraqda bu hüquqların qorunması naminə çiyin-çiyinə xidmət edirlər. R.Harniş ölkələrimiz arasında tərəfdaşlığın və əməkdaşlığın dönmədən inkişaf edəcəyini vurğulayaraq, BMT, ATƏT və NATO kimi beynəlxalq qurumlar çərçivəsində Azərbaycan ilə ABŞ arasında sıx əlaqələr yarandığını nəzərə çarpdırdı.
Sonra çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov rəsmi qəbulun iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, Amerika xalqına sülh və firavanlıq arzuladı. O bildirdi ki, dövlətimizin başçısı İlham Əliyev ABŞ Prezidenti Corc Buşu əlamətdar hadisə münasibətilə təbrik etmiş və ona Azərbaycan xalqının ən xoş arzularını yetirmişdir.
Parlamentin sədri xatırlatdı ki, ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq ölkəmiz dövlət müstəqilliyinə qovuşduqdan sonra yaradılmış, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtması ilə bu əlaqələrə xüsusi əhəmiyyət verilməyə başlanmışdı. Hazırda ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. “Azadlığa dəstək aktı”na ABŞ konqresinin 907-ci düzəlişinin hüquqi qüvvəsi dayandırıldıqdan sonra ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı daha geniş vüsət aldı. ABŞ ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr də genişlənmişdir.
Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin dönmədən inkişafında görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyevin rolunu xüsusi vurğuladı.
M.Ələsgərov qlobal terrorizmlə mübarizə çərçivəsində əməkdaşlıqdan danışaraq xatırlatdı ki, ermənilərin Azərbaycanda törətdikləri 32 terror aktı nəticəsində 2 mindən çox adam həlak olmuşdur. Bu mənada Milli Məclisin sədri iki ölkə prezidentlərinin NATO-nun İstanbulda keçirilən zirvə toplantısındakı görüşünün yekunlarına çox böyük əhəmiyyət verdi.
Rəsmi qəbulda Milli Məclis sədrinin müavinləri, deputatlar, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.