DÜNYA
ABŞ-ın müdafiə naziri Əfqanıstana elan olunmamış səfər edib
Bakı, 24 aprel, AZƏRTAC
ABŞ-ın müdafiə naziri Ceyms Mettis bazar ertəsi günü yerli məmurlarla və Amerika hərbçiləri ilə görüşmək üçün Əfqanıstana elan olunmamış səfər edib.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, Ceyms Mettisin Kabilə səfəri əfqanıstanlı həmkarı Abdullah Xan Həbibinin istefaya göndərilməsi ilə üst-üstə düşüb. Onunla eyni vaxtda quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahim də postundan uzaqlaşdırılıb.
Hər iki yüksək vəzifəli məmurun istefasının “Taliban” hərəkatı yaraqlılarının ötən cümə günü hərbi bazaya hücumu ilə bağlı olduğu bildirilir. Müxtəlif mənbələrin məlumatına əsasən, hücum azı 150-170 əfqan hərbçisinin ölümü ilə nəticələnib.
Xatırladaq ki, aprelin ortalarında ABŞ ilk dəfə olaraq Əfqanıstanda döyüş şəraitində İŞİD-ə qarşı “bütün bombaların anası” adlandırılan ən güclü qeyri-nüvə bombası tətbiq etmişdi.