DÜNYA
ABŞ-ın neft ehtiyatları 5 milyon barrel azalıb
Bakı, 11 yanvar, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,9 milyon barrel (1,2 faiz) azalaraq 419,5 milyon barrelə geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,9 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 7,4 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə dəyişməyərək 663,7 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 4,1 milyon barrel (1,8 faiz) artaraq 237,3 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,6 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 4,8 milyon barrel artmışdı.
Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 290 min barrel azalaraq 9,49 milyon barrelə enib. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 308 min barrel azalaraq 7,66 milyon barrelə düşüb. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 460 min barrel azalaraq 1,01 milyon barrel təşkil edib.