DÜNYA
ABŞ-ın neft ehtiyatları azalıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2 milyon barrel (0,4 faiz) azalaraq 492,4 milyon barrel olub. Bu göstərici aprel ayından bəri ən aşağı səviyyədir. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,6 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da 1,8 milyon barrel azalaraq 643,2 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 700 min barrel (1,7 faiz) artaraq 228,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 4 milyon barrel azalmışdı.