DÜNYA
ABŞ-ın neft hasilatı azalır
Bakı, 16 oktyabr, AZƏRTAC
Birləşmiş Ştatların gündəlik xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 509 min barrel azalaraq gündəlik orta hesabla 10,95 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 447 min barrel azalaraq sutkada 5,28 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 524 min barrel geriləyərək gündəlik 2,13 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,2 milyon barrel, gələn il isə 11 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.