İQTİSADİYYAT
ABŞ-ın neft hasilatı çoxalıb
Bakı, 4 aprel, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 100 min barrel artaraq gündəlik 12,2 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ölkədə gündəlik neftin istehsalı ötən ilin noyabrında 11,7 milyon barrelə, yanvarda 11,9 milyon barrelə və fevralda isə 12 milyon barrelə yüksəlib.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 223 min barrel artaraq gündəlik 6,76 milyon barrel olub. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 163 min barrel azalaraq sutkada 2,7 milyon barrelə düşüb.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel təşkil edəcək.