DÜNYA
ABŞ-ın şərq sahilyanı ərazilərində güclü qasırğa tüğyan edir
Bakı, 2 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ-ın şərq sahilyanı ərazilərində güclü qasırğa tüğyan edir. Nyu-York şəhərinə güclü yağışlar yağmış, küləyin sürəti saatda 75 kilometrə çatmışdır. Meqapolisdə nəqliyyatın hərəkətində ciddi əngəllər yaranmış, yol qəzalarının sayı artmışdır.
Şəhərin hakimiyyət orqanları bununla əlaqədar bəzi körpülərdən böyük yüktutumlu avtomobillərin, motosikl və mikroavtobusların hərəkətini müvəqqəti dayandırmışlar. Şəhərin əsas avianəqliyyat qovşağı olan beynəlxalq aeroport qasırğa ilə əlaqədar bütün uçuşları təxirə salmışdır. Şəhərə gələn təyyarələr isə yaxın yerlərdəki aeroportlara yönəldilirlər. Ölkədaxili reysləri yerinə yetirən La-Quardiya aeroportu da öz işini dayandırdığını bildirmişdir.
Nyu-Yorkda qeyri-sabit hava şəraiti Nyu-Cersi ştatının Nyuark beynəlxalq aeroportunda da ciddi problemlərə səbəb olmuşdur.
Meteoroloqlar yaxın günlərdə qasırğanın səngiyəcəyini, lakin havaların qeyri-sabit keçəcəyini bildirmişlər.