DÜNYA
ABŞ-ın şərqində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ-ın Cənubi və Şimali Karolina ştatlarında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 12 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, son beş gündə Cənubi Karolinada təbii fəlakət nəticəsində 10 nəfər həlak olub. Ölüm hallarının əksəriyyəti pis hava şəraiti səbəbindən baş verən avtomobil qəzalarında qeydə alınıb. Qonşu Şimali Karolinada isə daşqınlar daha iki nəfərin həyatına son qoyub.
Bu ştatlardakı leysan yağışlar Atlantik Okeanında baş verən “Hakin” qasırğası ilə əlaqədardır. Ən ağır vəziyyət ötən bazar günü rayonlarının birinə son 16 ildə rekord həcmdə - 450 millimetr yağıntı düşən Cənubi Karolinada müşahidə edilir.
Hazırda fəlakət zonasında leysan yağışlar ara versə də, suyun səviyyəsi hələ də kritik normadan yuxarıdır. Hökumətin verdiyi məlumata görə, ştatın mərkəzi hissəsində 4 bənddə sızma müşahidə olunur və bu, onsuz da gərgin vəziyyəti bir qədər də ağırlaşdırır. Xilasedicilər xüsusilə təhlükəli rayonlardan əhalinin təxliyəsini davam etdirirlər. Hələ də minlərlə sakin elektrik enerjisiz və susuz qalıb.
Prezident Barak Obama Cənubi Karolinanı təbii fəlakət zonası elan edib və bu ştata federal yardım ayrılmasını tapşırıb.