REGİONLAR
ABŞ-ın tanınmış “Meri Mak Brayd” qrupu lənkəranlı musiqisevərlərin qonağı olub
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçirilən tədbirdə musiqi qrupu maraqlı konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı çıxış edərək bildirib ki, səfirliyin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır, belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, Merinin “No One’s Gonna Love You like Me” (“Səni heç kim mənim kimi sevməyəcək”) adlı mahnısı Akademiya mükafatını alıb, “Brokeback Mountain-Qozbel Dağ” filmində ifasına görə qalib elan edilib.
Meri “Home Tour” adlı turun təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir.
“Vaşinqton Post” qəzetinin qeyri-adi adlandırdığı tur çərçivəsində ABŞ-ın hər yerində və xaricdə insanların ev saydığı yerlərdə - sağlamlıq qayğı mərkəzlərində, kimsəsiz evlərdə, uşaq evlərində, həbsxanalarda, yaşayış icmalarında və HİV-QİÇS-ə yoluxmuş adamlar üçün fəaliyyət göstərən evlərdə konsert proqramı ilə çıxış edir.
Azərbaycanda ikinci dəfə olan “Meri Mak Brayd” musiqi qrupu konsertdə ən çox sevilən mahnılarını lənkəranlılara təqdim edib.
Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Sentyabrın 15-dən ölkəmizdə qastrolda olan musiqi qrupunun səfəri bu ayın 25-dək davam edəcək. Qarşıdakı günlərdə qrupun üzvləri Salyan rayonunda və Naxçıvan Muxtar Respublikasında da konsert proqramı ilə çıxış edəcək, yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəkdir.