DÜNYA
ABŞ İRANA HÜCUM ETMƏK NİYYƏTİNDƏ DEYİL
ABŞ İrana hücum etmək niyyətində deyildir, lakin İranın İraq ərazisində hərbi fəallığı güclənərsə, sərt cavab verməyə hazırdır.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Corc Buş Milli radioya müsahibəsində bəyan etmişdir. Prezident demişdir: “Mənim İrana müdaxilə niyyətim yoxdur. Lakin insanlar sadə bəyanatlar çərçivəsindən kənara çıxan mövzuları həmişə mənim adımla bağlayırlar. Əlbəttə, öz qoşunlarımızı müdafiə edəcəyik, lakin qoşunlarımızın müdafiəsindən danışarkən İrana hərbi müdaxilə etməyə hazırlaşdığımız barədə söhbət getdiyini heç cür anlaya bilmirəm”.
Prezident vurğulamışdır ki, ABŞ İraqdakı mənafeyini müdafiə edəcək və İranın Amerika qoşunlarına ziyan vuracaq silahlar göndərməsi aşkar olunarsa, cavab vermək üsulu tapacaqdır. Ağ evin başçısı bildirmişdir ki, onun bu bəyanatı yalnız İranın İraq ərazisindəki fəallığına aiddir və İranla qarşılıqlı münasibətlərin digər məqamlarına, o cümlədən İranın nüvə problemi ətrafındakı vəziyyətə heç bir dəxli yoxdur. Prezidentin fikrincə, İranı müzakirə edərkən iki məsələni qarışdırmamaq çox vacibdir. İraqda baş verənlər bir məsələ, İranın nüvə silahı əldə etmək iddiaları isə başqa məsələdir. ABŞ bu məsələni diplomatik yolla həll edəcəkdir.