DÜNYA
ABŞ KONQRESİ İRANDA DEMOKRATİYANIN DƏSTƏKLƏNMƏSİNƏ 66 MİLYON DOLLAR AYIRMIŞDIR
ABŞ Konqresi İranda demokratiyanın dəstəklənməsinə bu il 66 milyon dollar ayırmışdır. AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, bunu ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Barri Louenkron bildirmişdir. O, Dövlət Departamentinin “İnsan hüquqlarının və demokratiyanın dəstəklənməsi” haqqında növbəti illik məruzəsinin yayılması ilə əlaqədar Vaşinqtonda xüsusi brifinqdə çıxış etmişdir.
Buş hökuməti İranda demokratiyanın dəstəklənməsinə əvvəlcə 75 milyon dollar istəmiş, lakin Konqres bu məbləği 66 milyona endirmişdir.
Louenkronun sözlərinə görə, bu pulun yarısından çoxu Fars dilində teleradio verilişləri, təxminən 20 milyon dolları “demokratiyanın dəstəklənməsinə dair müxtəlif proqramlar” üçün ayrılmışdır. Hökumət tələbə mübadilələri proqramının genişləndirilməsinə xüsusi diqqət yetirmək niyyətindədir. Bununla əlaqədar ABŞ-a təhsil almağa gələn iranlı tələbələrin sayını artırmaq təklif edilir.
Dövlət katibinin köməkçisi demişdir ki, bütün bu proqramlardan məqsəd Amerika və İran xalqları arasında əlaqələri genişləndirməkdir. O, misal olaraq ABŞ-ın yığma güləş komandasının Tehrana “çox uğurlu” səfərini qeyd etmişdir. İndi isə ABŞ iranlı idmançıların yolunu gözləyir və onlara artıq viza göndərilmişdir.
Konqresin ayırdığı vəsaiti Buş hökuməti heç də təkcə mədəni mübadilələrə sərf etməyi planlaşdırmır. Bu pul “İran islahatçılarının və siyasi dissidentlərinin” dəstəklənməsi şəbəkəsinin inkişaf etdirilməsinə də yönəldiləcəkdir.