ABŞ KONQRESİNDƏ GÖRÜŞLƏR
Həmin gün Azərbaycan Prezidenti ABŞ Konqresinə gəlmişdir. Prezident İlham Əliyevi burada Konqresin yüksək vəzifəli şəxsləri böyük mehribanlıqla qarşıladılar. Dövlətimizin başçısı burada bir sıra səmərəli görüşlər keçirdi.
Prezident İlham Əliyev əvvəlcə Konqresin Azərbaycan üzrə işçi qrupunun üzvləri Kurt Ueldon və Solomon Ortislə, Konqresdə Demokrat Partiyasını təmsil edən azlığın lideri xanım Nensi Pelosi ilə, Nümayəndələr palatasının energetika və beynəlxalq əlaqələr komitələrinin bir qrup üzvü ilə, Senatın xarici təxsisatlar üzrə alt komitəsinin sədri Miç MakKonellə və xarici əlaqələr komitəsinin sədri Riçard Luqar ilə görüşdü.
Azərbaycan Prezidentinin ABŞ-a səfərini yüksək qiymətləndirən konqresmenlər ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da genişlənəcəyini və bir çox yeni sahələri əhatə edəcəyini vurğuladılar, ABŞ-Azərbaycan münasibətlərindən söhbət açdılar.
Prezident İlham Əliyev də Vaşinqtona səfərinə böyük əhəmiyyət verdiyini xüsusi vurğuladı və keçirilən görüşlərin, aparılan danışıqların gələcək əməkdaşlığın inkişafına yeni təkan verəcəyini bildirdi.
Görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif sahələri, ölkəmizdə gedən proseslər, Azərbaycanın regionda aparıcı rolu, beynəlxalq məsələlərdə, antiterror koalisiyasında iştirakı və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.
X X X
ABŞ parlamentinin üzvləri ilə görüşlərdən sonra Prezident İlham Əliyev Konqresin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Vaşinqtona səfərim ərzində Konqresin dəyərli üzvləri ilə görüşməyimdən çox məmnunam. Ümid edirəm ki, ABŞ-Azərbaycan əlaqələri inkişaf edərək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
26 aprel 2006-cı il”.