SİYASƏT
ABŞ Konqresində keçirilən tədbirdə Ermənistanın siyasətinin özünün müstəqilliyi ilə yanaşı, region ölkələrinə də təhdid yaratdığı vurğulanıb
Vaşinqton, 23 mart, AZƏRTAC
Martın 21-də ABŞ Konqresinin inzibati binasında Ceymstaun Fondunun təşkilatçılığı ilə "Avropa təhlükəsizliyinə “İskəndər” raketlərinin təhdidi" adlı tədbir keçirilib. Tədbirdə Avropanın cinahlarında vəziyyət müzakirə edilərkən Ermənistanın regiona yaratdığı hərbi təhdidlər və bu xüsusda Ermənistandakı “İskəndər” raketləri məsələsinə toxunulub.
Bu barədə çıxış edən tanınmış hərbi-siyasi ekspert Dr. Stefen Blank həmin raketlərin geniş regiona, o cümlədən Azərbaycan və Gürcüstana hədə yaratdığını vurğulayıb.
S.Blank Ermənistan rəsmilərinin “İskəndər” raketlərinə sahib olma bəyanatlarını və ondan Azərbaycana qarşı istifadəsinə dair dəfələrlə təhdidlərlə çıxış etdiklərini diqqətə çatdırıb, o cümlədən Ermənistan müdafiə naziri və onun müavininin Azərbaycanın mühüm infrastrukturuna zərbə endirilməsi və beləliklə də bərpaolunmaz ziyan vurmaq iddialarını xatırladıb. O, erməni rəsmilərinin guya bu silaha təkbaşına sahib olduqları bəyanatlarına şübhə ilə yanaşaraq, Ermənistan kimi bir dövlətə belə raketlərə operativ nəzarətin verilməsinin mümkün görünmədiyini qeyd edib. S.Blank Ermənistanın bəyanatlarını Azərbaycanı qorxutmaq üçün ritorik cəhdlər kimi qiymətləndirib.
Tanınmış hərbi-siyasi ekspert Ermənistanın apardığı siyasətin onun özünün müstəqilliyi ilə yanaşı, bütün region ölkələrinə də təhdid yaratdığını vurğulayıb.
Tədbirdə Ermənistanın məsuliyyətsiz davranışları ilə bağlı müzakirələr aparılıb, bu ölkənin məsuliyyətsiz davranışı və işğalçı siyasəti vurğulanıb.
Çıxışlarda Şimaldan Cənubadək mövcud təhdidlərə qarşı vahid və ardıcıl siyasətin aparılmasının vacibliyi qeyd edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton