SİYASƏT
ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDAKI İNKİŞAFI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
Bakı, 27 may (AZƏRTAC). Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov mayın 27-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri Alan Makovski və Conatan Katz ilə görüşmüşdür.
Azərbaycanda ilk dəfə olduqlarını vurğulayan amerikalı qonaqlar ölkəmizdə gedən inkişaf prosesindən məmnun qaldıqlarını bildirmişlər. Cənubi Qafqazdakı siyasi proseslərdən danışan Konqres nümayəndələri, Azərbaycanın bu proseslərdə mühüm rol oynadığını vurğulamışlar.
Nazir E.Məmmədyarov Azərbaycanda gedən inkişaf prosesinin təməlində ölkə rəhbərliyinin düzgün siyasətinin dayandığını bildirmişdir. Ölkəmizdə hərtərəfli inkişaf prosesinin getməsi ilə eyni vaxtda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini diqqətə çatdıran E.Məmmədyarov problemin həllinin ümumilikdə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsindəki vacibliyini vurğulamışdır. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdıran E.Məmmədyarov problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tezliklə nizamlanmasının yeganə çıxış yolu olduğunu qeyd etmişdir.
Görüşdə tərəflər arasında birgə maraq kəsb edən ikitərəfli, regional, qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.