ABŞ KOSMİK AGENTLİYİ – NASA YUBİLEYİNİ QEYD EDİR
AZƏRTAC xəbər verir ki, iyulun 29-da ABŞ Kosmik Agentliyi - NASA 50 illik yubileyini qeyd edir. 1958-ci ilin bu günü Prezident Duayt Eyzenhauer amerikalıların kosmosu fəth etməsi üçün ixtisaslaşdırılmış idarənin təsis edilməsi barədə Konqresin qərarını imzalamışdır.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əvvəlcə 4 laboratoriyası və təxminən 80 əməkdaşı vardı. Nasist raketlərinin yaradıcısı Verner fon Braun da onların arasında idi. 1961-ci il mayın 5-də, Yuri Qaqarindən bir ay sonra Alan Şepard orbitə 15 dəqiqəlik uçuş etmişdir. 1962-ci il fevralın 20-də Con Qlenn Yer ətrafında uçuş həyata keçirmiş, 1969-cu il iyulun 20-də Nil Armstronq Yer planetinin sakinləri arasında ilk dəfə Aya qədəm qoymuşdur.
Amerikalılar ayın səthinə daha 5 dəfə, sonuncu dəfə isə 1972-ci ilin dekabrında düşmüşlər. Ayda cəmi 12 astronavt olmuşdur. Onlar Yerə 180 kiloqram ay suxuru nümunəsi gətirmişlər.
1981-ci ildə ilk “Kolumbiya” şatlının orbitə buraxılması (kosmik gəmi 2003-cü ildə yerə enərkən partlamışdır) və daha 4 “məkik”in yaradılması ABŞ-ın kosmik proqramına yeni impuls vermişdir. 2004-cü ildə Prezident Buş NASA qarşısında yeni vəzifə - 2020-ci ilədək Aya qayıtmaq və 2030-cu ilədək Marsa ekspedisiya göndərmək vəzifəsini qoymuşdur.
Ötən 50 il ərzində ABŞ-ın kosmik proqramına 810 milyard dollar xərclənmişdir. Bu il büdcəsi 17,3 milyard dollar təşkil edən NASA-nın 94 astronavtı, ümumilikdə təxminən 90 min əməkdaşı vardır.