DÜNYA
ABŞ Myanmada dörd fəalın edam olunmasını pisləyib
Bakı, 25 iyul, AZƏRTAC
Birləşmiş Ştatlar Myanmada dörd fəalın hərbçilər tərəfindən edam olunmasını pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Myanmadakı səfirliyinin yaydığı bəyanatda bildirilir.
“Biz hərbi rejimin demokratik yönümlü liderləri və öz əsas azadlıqlarının reallaşması uğrunda mübarizə aparan seçilmiş vəzifəli şəxsləri edam etməsini pisləyirik”, - səfirliyin tviterdə dərc olunmuş bəyanatında belə deyilir.
The Irrawaddy nəşrinin bazar ertəsi günü yaydığı məlumata görə, Demokratiya uğrunda Milli Liqanın (DML) sabiq deputatı Ko Po Zey To, fəal Çjo Min Yu və daha iki nəfər terrorçuluqla mübarizə haqqında qanuna əsasən edam olunub. Ölüm hökmləri ötən istirahət günlərində icra edilib. Ko Po Zey To və Çjo Min Yu Yanqon şəhərində silahlı müqavimətin təşkilinə görə 2021-ci ilin sonlarında saxlanılmış və yanvarda ölüm cəzasına məhkum edilmişdilər.
Myanma hərbçiləri 2021-ci il fevralın 1-də ölkədə fövqəladə vəziyyət elan edib və seçilmiş rəhbərliyi hakimiyyətdən uzaqlaşdırıb. Ordu nümayəndələri bəyan ediblər ki, 2020-ci ilin noyabrında keçirilən seçkilərdə kütləvi saxtakarlığa yol verilib və nəticədə DML qalib gəlib.