DÜNYA
ABŞ öz diplomatlarının Misirdən getməsi barədə sanksiya vermişdir
Qahirə, 29 iyun (AZƏRTAC). İsgəndəriyyədə Misir Prezidenti Məhəmməd Mürsinin əleyhdarları və tərəfdarları arasında toqquşmalar zamanı Endrü Baruso ad-soyadlı bir ABŞ vətəndaşı həlak olmuşdur. İlkin məlumatlara görə, bu şəxs orada baş vermiş iğtişaşları mobil telefona Amerika KİV-lərindən birinin xahişi ilə kamerasına çəkərkən onu bıçaqla yaralamışlar.
Misirdəki kütləvi iğtişaşlarla əlaqədar ABŞ-ın hakimiyyət orqanları Misirdəki amerikalı diplomatların, dövlət qulluqçularının və onların ailə üzvlərinin evakuasiya edilməsinə sanksiya vermiş, habelə ABŞ vətəndaşlarına bu günlərdə Misirə getməməyi tövsiyə etmişlər. KİV-lər bu məlumatı ABŞ dövlət departamentinə istinadla yaymışlar.
Ötən sutka ərzində nümayişçilər ilə polis arasında toqquşmaların gedişində təqribən 200 nəfər zərər çəkmişdir (ölkənin iri şəhərlərində iğtişaş qurbanlarının və zərərçəkənlərin sayı dəqiqləşdirilir).
Misir Prezidentinin əleyhdarları və tərəfdarları arasında toqquşmaların iyunun 30-dək davam edəcəyi ehtimal olunur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə