ABŞ PREZİDENTİ CORC BUŞUN BƏYANATI
Olduqca maraqlı səfər elə indicə başa çatmaq üzrədir. Biz zəruri məsələlər haqqında fikir mübadiləsi apardıq və vurğuladıq ki, belə müasir müsəlman ölkəsi öz vətəndaşlarının qayğısına qalır və bilir ki, demokratiya gələcəyin əsasını təşkil edir. Cənab Prezident, mən Sizin rəhbərliyinizi yüksək dəyərləndirirəm.
Təbii ki, biz İran haqqında danışdıq. Mən cənab Prezidenti əmin etdim ki, bu problemi diplomatik və dinc yolla həll etmək arzusundayam. Mən onun hökumətinin İraqda yeni demokratiyanın dəstəklənməsi üçün qoşun göndərdiyinə görə çox minnətdaram. Mən bu gün səfirimiz və general Keysi ilə videokonfrans vasitəsilə keçirdiyim görüş haqqında məlumat verdim, çünki orada əldə edilən irəliləyiş barədə öz müttəfiqimizə məlumat verilməsini olduqca vacib hesab edirəm. Mən onunla öz ümidimi bölüşərək qeyd etdim ki, milli birlik hökuməti sülh və demokratiya kimi məqsədimizə nail olmaqda bizə yardım edəcəkdir.
Əlbəttə ki, biz enerji məsələləri haqqında danışıqlar apardıq. Mən bu dünyada istədiyimiz məqsədə - enerji təhlükəsizliyinə nail olmaqda Prezidentin və onun hökumətinin mövqeyinə görə minnətdaram. Azərbaycanın oynayacağı rol olduqca vacibdir. Biz daxili siyasətə, qonşu ölkələrə və həmçinin Ermənistanla olan münasibətlərə aid məsələləri müzakirə etdik.
Mən bu cür müdrik müzakirəni çox yüksək dəyərləndirirəm. Mənimlə fikirləri bölüşdüyünüzə görə minnətdaram. Bizimlə birgə olduğunuza görə minnətdaram. Bir daha “Xoş gəldiniz!” deyirəm.