DÜNYA
ABŞ Prezidenti və NATO-nun baş katibi alyansın növbəti zirvə görüşünü koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasına həsr etmək barədə razılığa gəlmişlər
Bakı, 1 iyun (AZƏRTAC). NATO-nun növbəti zirvə görüşü 2014-cü ildə keçiriləcəkdir. Zirvə görüşündə koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması məsələləri müzakirə ediləcəkdir.
Bu barədə məlumatı ABŞ Prezidenti Barak Obama Ağ Evdə Alyansın baş katibi Anders Foq Rasmussen ilə görüşünün yekunlarına əsasən vermişdir.
Prezident B.Obama demişdir ki, A.F.Rasmussen bu müşavirəyə hazırlaşmaqla məşğul olmalı, zirvə görüşünə ev sahibliyi edəcək ölkəni seçməli və keçiriləcəyi vaxtı təyin etməlidir.
ABŞ Prezidenti qeyd etmişdir ki, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) əsas hissəsi zirvə görüşünə qədər bu ölkədən çıxarılacaqdır, ölkə ərazisində təhlükəsizliyə nəzarət əfqanların özünə keçəcəkdir.
Buna baxmayaraq, ABŞ və NATO-nun üzvü olan digər ölkələr 2014-cü ildən sonra da Əfqanıstan Silahlı Qüvvələrinə fəal dəstək göstərmək niyyətindədirlər.
ABŞ lideri demişdir: “Biz Əfqanıstanın təhlükəsizlik qüvvələrinin səmərəliliyini və onların öz sərhədlərini müdafiə etmək qabiliyyətini təmin etməliyik, çünki NATO əmin olmalıdır ki, gələcəkdə Əfqanıstandan terrorizm üçün baza kimi istifadə edilməyəcəkdir”.