ABŞ PREZİDENTİ XƏBƏRDARLIQ EDİR
Eyni zamanda, Prezident hökumətin İraqda apardığı siyasətin ciddi tənqid edilməsinə cavab olaraq, amerikalıları bu ölkədə müəyyən tərəqqi əldə olunduğuna inandırmağa çalışmışdır.
İraqın keçmiş baş naziri Əyyad Əllavi Britaniya mətbuatına müsahibəsində bildirmişdir ki, İraq hazırda vətəndaş müharibəsi vəziyyətindədir, hər gün ölkədə orta hesabla 50-60 adam həlak olur. Bu bəyanatla razı olmadığını bildirən C.Buş demişdir: “Biz etiraf edirik ki, orada konfessiyalararası zorakılıq mövcuddur, lakin zənnimcə, iraqlılar vətəndaş müharibəsinə başlamamağı qərara almışlar”. ABŞ Prezidentinin sözlərinə görə, elə bir məqam yaranmışdı ki, iraqlılar parçalana bilərdilər, lakin onlar bunu etmədilər. Corc Buş yerli din xadimlərinin, o cümlədən şiələrin lideri Ayətulla Əs-Sistaninin zorakılığa qarşı çıxış etməsini və ölkənin bütövlüyünü qoruyub saxlamağa çağırmasını alqışlamışdır.
ABŞ Prezidenti jurnalistlərin suallarına cavab verərkən etiraf etmişdir ki, ölkə vətəndaşlarını Birləşmiş Ştatların İraqda qalib gəlib-gəlməyəcəyi məsələsi narahat edir. O demişdir: “Mən əminəm ki, biz qalib gələcəyik, əks halda, mən qoşunları oradan çıxarardım”.
C.Buş İraqdakı hərbi kontingentin sayından danışaraq demişdir ki, bu məsələni yerli komandirlər həll edəcəklər. O, ABŞ qoşunlarının İraqdan çıxarılmasının dəqiq vaxtını elan etməkdən çəkinmişdir.
ABŞ Prezidenti müdafiə naziri Donald Ramsfeldə etibar etdiyini bir daha təsdiqləmiş, onu İraq müharibəsinin memarlarından biri adlandırmışdır. Buş demişdir: “Mən hesab etmirəm ki, o, istefa verməlidir. O, əla iş görmüşdür”.