DÜNYA
ABŞ Sahil Mühafizə Xidməti batmaqda olan gəmidən 10 nəfər kubalı miqrantı xilas edib
Vaşinqton, 7 fevral, AZƏRTAC
Bazar günü ABŞ Sahil Mühafizə Xidməti Florida ştatı sahilləri yaxınlığında batmaqda olan gəmidən 10 nəfər kubalı miqrantı xilas edib.
AZƏRTAC ABŞ Sahil Mühafizə Xidmətinin bəyanatına istinadla xəbər verir ki, miqrantlardan 6 nəfəri Kubaya qaytarılıb, qalan 4 nəfərə tibbi yardım göstərilməsi üçün onlar Floridaya təxliyə edilib.
Mayamidəki Sahil Mühafizə Xidmətinin aviabazasının komandiri kapitan Şon Kox deyib: “Miqrantların xilasetmə jiletləri və ya qoruyucu ləvazimatları olmayıb. Əgər bizim heyət patrul xidməti zamanı bu insanları aşkar etməsəydi, onlar səhərə sağ çıxmazdılar”.
İki həftə bundan əvvəl Florida sahillərində Baham adalarından olması ehtimal edilən adamların qaçaq yolla daşındığı qayıq aşıb, oradakı 40 nəfərdən yalnız biri sağ qalıb.
AZƏRTAC-ın Vaşinqton bürosu