CƏMİYYƏT
ABŞ səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar
Bakı, 12 fevral, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stiven Qays, mətbuat xidmətinin rəhbəri Nikolas Barnet və mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev Azərbaycan Mətbuat Şurasında olublar.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Şura media ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir. Mətbuat Şurası, həmçinin jurnalistlərin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirilmələrinə yönələn tədbirlər də görür, ümumən ölkədə söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır.
Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qurumun ABŞ-ın Azərbaycandakı səfirliyi ilə müntəzəm əlaqədə olmasını qarşılıqlı əməkdaşlıqdakı müsbət məqam kimi vurğulayıb.
Stiven Qays ABŞ səfirliyinin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm verdiyini bildirib.
Nikolas Barnet isə mövcud istiqamətdəki təşəbbüslərin davamlılığının vacibliyini önə çəkib. Hər iki nümayəndə bu xüsusda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın əhəmiyyətindən söz açıblar.
Görüşdə ictimai rəyin formalaşmasında medianın roluna toxunulub. Qonaqlar Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətindəki məqamların ABŞ-da diqqətlə izlənildiyini və perspektiv əməkdaşlıqda əsas kimi götürüldüyünü vurğulayıblar.