İQTİSADİYYAT
ABŞ TİCARƏT VƏ İNKİŞAF AGENTLİYİ AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNA QRANT AYIRMIŞDIR
BU BARƏDƏ ARTIQ MÜVAFİQ SAZİŞ DƏ İMZALANMIŞDIR
Bu münasibətlə mayın 19-da Dövlət Neft Fondunda keçirilən imzalanma mərasimində ABŞ-ın ölkəmizdəki səfiri Rino Harnişi və qonaqları salamlayan Fondun icraçı direktoru Samir Şərifov bildirmişdir ki, qrant sazişinə əsasən ayrılan texniki yardım çərçivəsində Neft Fondunun valyuta vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsi, bununla əlaqədar müvafiq risklərin qiymətləndirilməsi, xarici menecerlərin seçilməsi, onların iş göstəricilərinin monitorinqi və dəyərləndirilməsi və s. problemlər öz həllini tapacaqdır. Onun sözlərinə görə, texniki yardım həm də Fondun struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsünə aid təkliflərin təqdim edilməsi, habelə əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini də əhatə edəcəkdir. Texniki yardımın ümumi istiqamətləri isə Neft Fondu tərəfindən Agentliyə 2003-cü ildə təqdim edilmiş və bu ilin əvvəlində razılaşdırılmışdır. Bundan sonra ABŞ-ın ixtisaslaşmış məsləhətçi şirkətləri arasında tender elan olunacaqdır.
Bu iki qurum arasında yaranan əməkdaşlığın respublika hökuməti tərəfindən dəstəkləndiyini vurğulayan S.Şərifov, neft-qaz sənayesində əldə edilən gəlirlərin idarə olunması sahəsində Azərbaycanın ümumdünya şəffaflıq layihəsinə qoşulduğunu da qonaqların diqqətinə çatdırmışdır.
ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş ayrılan qrantın Neft Fondunun inkişafında mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir. Səfir demişdir ki, ABŞ-ın Ticarət və İnkişaf Agentliyi federal dövlət orqanıdır və xarici ölkələrdə irimiqyaslı layihələri həyata keçirir. Agentlik, həmçinin ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərir.
Sonra qrant sazişini Azərbaycan tərəfdən DNF-in icraçı direktoru S.Şərifov, ABŞ tərəfdən səfir R.Harniş imzaladılar.
Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev, ABŞ Dövlət Departamentinin Avrasiyaya Yardım Fondu üzrə əlaqələndiricisi Karlos Paskual, TİA–nın Qafqaz üzrə meneceri Reyçel Turner mərasimdə iştirak edirdilər.