DÜNYA
ABŞ və Rusiya prezidentlərinin danışıqları videokonfrans formatında olacaq
Bakı, 3 dekabr, AZƏRTAC
Rusiya və ABŞ prezidentləri Vladimir Putinin və Co Baydenin qarşıdakı danışıqları videokonfrans formatında olacaq, lakin dəqiq vaxt hələ bilinmir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Dəqiq tarix hələlik razılaşdırılmayıb, hələ iş aparılır. Söhbət videokonfransdan gedir”, - Dmitri Peskov müvafiq suala cavabında belə deyib. Onun sözlərinə görə, hər iki tərəfdən danışıqların vaxtı, o cümlədən 7 dekabr barədə müxtəlif təkliflər var, “lakin onlar hələ sinxronlaşdırılmayıb”. Rusiya Prezidentinin mətbuat katibi danışıqların hansı həftə keçirilə biləcəyini dəqiq söyləməkdən boyun qaçırıb və qeyd edib ki, bu, “istənilən an” baş tuta bilər.
Rusiya XİN başçısının müavini Sergey Ryabkov bir qədər əvvəl bildirmişdi ki, Moskva Putin və Bayden arasında söhbətin yaxın günlərdə keçiriləcəyinə ümid bəsləyir.