Abşeron könüllüləri ilə görüş keçirilib
Xırdalan, 7 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın könüllüləri ilə görüş keçirilib. Tədbirdə İctimai Şuranın əməkdaşları, “ASAN xidmət” mərkəzinin könüllülər üzrə nümayəndəsi, Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, Abşeron Gənclər və İdman İdarəsinin rəisi və könüllülər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, İctimai Şuranın sədri Elçin Quliyev görüşdə könüllülük fəaliyyətindən söz açıb. Bildirib ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin tapşırıqlarından və dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə İctimai Şura da könüllü mərkəzinin yaradılması barədə təşəbbüslə çıxış edib.
Daha sonra İctimai Şuranın gördüyü işlərdən, könüllülərlə birlikdə icra ediləcək layihələrdən danışılıb.
Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülər üzrə nümayəndəsi könüllülük fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Tədbirdə iştirak edən qonaqlar könüllülük fəaliyyəti və müqavilə müddətində İctimai Şuranın könüllü mərkəzi ilə digər qurumların birgə əməkdaşlığından danışıb, könüllülərə uğurlar arzulayıblar.
Sonda fərqlənən könüllülərə təşəkkürnamə təqdim olunub.