Abşeron rayonunda iftar süfrəsi açılıb
Xırdalan, 20 aprel, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti və RİH yanında İctimai Şura tərəfindən şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev mərasimdə çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı Qələbə qazanaraq, bütün şəhidlərimizin qisasını aldığını bildirib. İşğaldan azad olunan yurdumuzda kənd və qəsəbələrimizin, rayon və şəhərlərimizin sürətli şəkildə yenidən qurulduğunu, soydaşlarımızın Böyük Qayıdışının başladığını vurğulayan RİH başçısı qeyd edib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir.
Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və ilahiyyatçı Rasim Xadaverdiyev çıxış edərək ordumuzun gücündən, Silahlı Qüvvələrimizin hər bir təxribatın qarşısını almağa qadir olmasından, o cümlədən dövlətimizin qarşıya qoyduğu bütün məqsədlərə çatmasından söz açıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri də daxil olmaqla, rayonun bütün kənd və qəsəbələrində Ramazan ayı ərzində şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün iftar süfrələri açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.