Abşeron rayonunda iftar süfrəsi açılıb
Bakı, 3 aprel, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ramazan ayında “Qurani-Şərif”in nazil olduğunu, bu ayda insanların birliyə, vəhdətə, humanizmə, yardıma, bölüşməyə dəvət edildiyini qeyd edərək bildirib ki, xalqımız özünün islami dəyərlərini, adət-ənənələrini və bayramlarını yaşadaraq tarixin sınaqlarından çıxarmış, ildən-ilə, nəsildən-nəslə ötürərək qoruyub saxlamışdır.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hər il Azərbaycan xalqına Ramazan bayramı münasibətilə təbriklərini çatdıraraq ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar olacağına, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qayıdacaqlarına inamını ifadə edib, xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamımızı daha böyük əzmkarlıq, qətiyyət və həmrəylik göstərməyə çağırmışdı. Vurğulanıb ki, Azərbaycanı uğurlara aparan və əsası məhz Ulu Öndər tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində gün Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, İslam dünyasının önəmli parçasına çevrilib.
Qeyd olunub ki, bu tədbir Aprel döyüşlərinin 8-ci ildönümünə təsadüf edir. Böyük Zəfərin müjdəçisi olan Aprel döyüşlərində igid və cəsur Azərbaycan oğulları misli görünməmiş qəhrəmanlıqlar göstərib və düşməni hər an əzməyə hazır olduqlarını, döyüş ruhunu bütün dünyaya nümayiş etdiriblər.
Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, müharibə iştirakçısı, polkovnik Məhərrəm Həmidov və ilahiyyatçı Hacı Rasim Xudaverdiyev çıxış edərək Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbədən, Ordumuzun göstərdiyi şücaətlərdən danışıb, şəhidlərimizin əziz ruhlarına dualar oxuyub, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıb, bütün bunlara görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.