CƏMİYYƏT
Abşeron və Xızı rayonlarının Tibbi-Sosial Ekspert Komissiyası müasir avadanlıqlarla təmin olunub
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Abşeron və Xızı rayonları üzrə 13 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) müasir avadanlıqlarla təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ötən ilin ortalarından başlayaraq nazirliyin regional TSEK-lərində əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması istiqamətində işlərin görüldüyünü, o cümlədən ƏƏSMN-nin 38 region üzrə TSEK-lərindən artıq 20-də müasir iş şəraitinin yaradıldığını bildirib. Nazir müavini həmin komissiyaların əlillik müayinələrinin aparılmasında istifadə edilən müasir ekspertiza cihazları, habelə məişət avadanlıqları ilə də təmin olunduğunu deyib. Bildirilib ki, artıq əlillik müayinəsi üçün bütün göndərişlərin səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndərilməsi elektron qaydada həyata keçirilir. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki tibbi-sosial ekspertiza və reabilitasiya alt-sistemi əlillik müayinəsi və onun nəticələri barədə məlumatların aidiyyəti qurumlar arasında elektron mübadiləsinə xidmət edir. Bu da həmin sahədə kağız daşıyıcılardan istifadənin və məmur-vətəndaş təmaslarının xeyli məhdudlaşmasına, şəffaflığın təminatına yönəlib.
N.Məmmədov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində şəffaflığın təmin edilməsi və əlillik müayinələrinin aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində reabilitasiya göstəricilərinin artdığını diqqətə çatdırıb. O bildirib ki, cari ilin ilk rübündə təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1626 nəfəri (3,2 faiz) tam reabilitasiya edilib. Bu dövrdə hissəvi reabilitasiya olunanların sayı 251 nəfər artıb və hissəvi reabilitasiya 2 faizdən 2,7 faizə yüksəlib. İlkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayı isə 1515 nəfər azalıb.
Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin, o cümlədən əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi işlərinin davam etdirildiyini bildirən nazir müavini diqqətə çatdırıb ki, əsas məqsəd əlilliyi olan şəxslərin fəaliyyət və nəticə etibarilə sosial reabilitasiya potensialının müəyyən edilməsinə və reallaşdırılmasına imkan yaratmaqdan ibarətdir.
Sonra Abşeron və Xızı rayonlarının Tibbi-Sosial Ekspert Komissiyasının yeni müayinə avadanlıqlarına baxış olub.