İQTİSADİYYAT
Açıq Hökumətin təşviqinə dair növbəti treninq
Bakı, 22 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Fəaliyyət Planının tam, vaxtında və operativ icrasının, həmçinin bu istiqamətdə zəruri olan əlaqələndirmə işlərinin təmin olunması məqsədilə iqtisadiyyat nazirinin 29 aprel 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasına dair 2016-cı il üzrə İş Planı" çərçivəsində İqtisadiyyat Nazirliyinin strukturlarının əməkdaşları üçün növbəti treninq keçirilib. Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən keçirilmiş interaktiv treninqdə "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın tələblərindən və qarşıda duran vəzifələrdən irəli gələn məsələlərə dair məlumat verilib. Həmçinin əməli-nəzəri məşğələlər vasitəsilə nümunələr göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İqtisadiyyat Nazirliyi tərəfindən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqların tam, vaxtında və mahiyyətcə icrası istiqamətində tədbirlər müəyyən olunmuş dövrlər üzrə davam etdirilir.