REGİONLAR
“Açıq mikrofon” aksiyası çərçivəsində Yardımlıda sakinlərlə görüş olub
Bakı, 14 iyun, AZƏRTAC
“Açıq mikrofon” aksiyası “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun səyyar qəbul otağıdır. Yəni, sizin burada bütün çıxışlarınız, müraciətləriniz birbaşa olaraq Birlik rəhbərinə təqdim olunacaq. Odur ki, qaz təchizatı ilə bağlı üzləşdiyiniz çətinlikləri rahat şəkildə səsləndirin.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov Yardımlı rayonunda vətəndaşlarla keçirilən görüşdə bildirib. Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov keçirilən bu görüşün aksiya çərçivəsində sayca 87-ci görüş olduğunu qeyd edərək, qaz təsərrüfatına dair ünvanlanan sualları cavablandırmağa hazır olduğunu söyləyib. Aksiyaya Çay Üzü, Nisəqələ, Əfcədulan, Dəryavar, Köryədi, Teşkan, Avur və Dəlləkli kəndlərindən üz tutan vətəndaşlar kəndlərdə mavi yanacaq olmaması səbəbindən çətinlik çəkdiklərini bildirərək, kəndlərin qazlaşdırılmasını xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb.