ELM VƏ TƏHSİL
“ADA” Universitetinin 24 tələbəsi növbəti tədris ilində təhsilini xarici universitetlərdə davam etdirəcək
Bakı, 30 iyun, AZƏRTAC
“ADA” Universitetinin 24 tələbəsi növbəti tədris ilində təhsilini qabaqcıl xarici universitetlərdə davam etdirəcək. Onların təhsil alacaqları ali məktəblərin sırasına Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Macarıstan, Cənubi Koreya, Çin, Estoniya və Litvanın “ADA” Universiteti ilə tədris mübadiləsi haqqında anlaşma memorandumu imzalamış 16 aparıcı ali təhsil ocağı daxildir. Həmin xarici universitetlərdən isə doqquz tələbə mübadilə proqramı əsasında “ADA” Universitetində təhsil alacaq.
“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, hazırda bu ali məktəb 50-dən çox xarici təhsil ocağı ilə müəllim, tələbə və tədqiqat mübadiləsini nəzərdə tutan əməkdaşlıq qurub. “ADA” Universitetinin bakalavr və magistrləri təhsilin ikinci ilindən başlayaraq həmin tərəfdaş universitetlərdən birində mübadilə semestri keçirmək imkanı əldə edirlər.
Növbəti tədris ilinə Britaniyanın Qlazqo Universitetində başlayacaq beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Xəyalə Cəfərova bildirib ki, öyrəndiyi sahə üzrə aparıcı təhsil ocaqlarından hesab edilən universitetdə oxumaq onun üçün çox faydalı olacaq: “İnanıram ki, Qərb təhsil sistemi və yeni mədəniyyətlə daha yaxından tanış olmaq gələcək diplomat kimi mənə üstünlük verəcək”.
Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr Ceyhun Məhərrəmli isə Fransanın IESEG Menecment Məktəbində təhsilini davam etdirəcək. O deyib: “Bu məktəbdə biznes sahəsini öyrənənlərə sonsuz imkanlar verilir. Əminəm ki, bu təhsil biznes karyeram üçün böyük təkan olacaq”.
“ADA” Universitetinin təhsil mübadiləsi proqramında iştirak edən tələbələri müvafiq akademik göstəricilər nümayiş etdirməli və bu ali məktəbin daxili seçim mərhələsindən keçməlidirlər. Təhsil mübadiləsi proqramları “ADA” Universitetinin dünya standartlarına uyğun təhsil verməsi və beynəlmiləl akademik mühit yaratması məqsədlərini dəstəkləyir.