DÜNYA
ADAMIN GƏRƏK BƏXTİ OLA!
Bakı, 8 iyul (AZƏRTAC). ABŞ-ın Las-Veqas şəhərinin sakini özünü bəxtəvərlər bəxtəvəri hesab edə bilər. Belə ki, 63 yaşlı Coan Ginter 4-cü dəfə lotereya ilə milyonlarla dollar məbləğində uduşun sahibi olmuşdur.
O, ilk dəfə 1993-cü ildə 5,4 milyon dolların sahibinə çevrilmişdir. Belə ki, şanslı qadın 15,8 milyon adamın içindən xoşbəxt bileti çıxarmışdır.
2006-cı və 2008-ci illərdə də taleh onun üzünə gülmüşdür. Həmin tirajlarda Coan 5 milyon dollara sahib çıxmışdır.
Budur, nəhayət əvvəllər Kaliforniya ştatının universitetlərinin birində professor olan bəxtəvər qadının biletinə son 17 ildə 4-cü dəfə uduş düşmüşdür. Özü də bu dəfə nə az, nə çox düz 10 milyon dollar! Beləliklə, onun lotereyalardan uduşu 20,4 milyon dollara bərabər olmuşdur.
Məlumdur ki, o, lotereya biletlərini həmişə Texasdan, orada yaşayan atasına baş çəkərkən almışdır. Coan Ginter adının çox da hallanmasını və özünün diqqətdə olmasını heç də xoşlamır.
Texas Universitetinin professoru Maykl Starbörd bildirmişdir ki, bu, olduqca astronomik hadisədir. Lakin ehtimalın yaddaşı olmur. Bəxtəvər qadın bizlərdən hər biri kimi yenidən udmaq şansına malikdir. Alim riyazi ehtimallar və təsadüflər barədə kitabın müəllifidir. Özü də düz sözə nə deyəsən...