ADAU-da ixtisasartırma təlimləri start götürüb
Gəncə, 25 avqust, Elcan Məmmədov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə təlim planına əsasən, avqustun 24-dən etibarən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Regional mərkəzlərinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Regional mərkəzlərinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayonlar üzrə idarələrinin 104 əməkdaşı ixtisasartırma təlimləri ilə əlaqədar üç gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər ADAU-nun professor-müəllim heyəti tərəfindən aqronomluq və bitki mühafizəsi, aqrokimya və baytarlıq olmaqla üç istiqamətdə aparılacaq.
Təlimin ilk günü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təlim iştirakçıları ilə görüşüb və Azərbaycanda aqrar sahənin innovasiyalı inkişafından, bu sahəyə göstərilən dövlətin böyük qayğısından bəhs edib.
Sonra proqrama əsasən təlimlər start götürüb.