CƏMİYYƏT
“ADEX-2016” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 34 ölkədən 216 şirkət iştirak edəcək VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək ikinci “ADEX-2016” Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycan və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturları iki il əvvəl keçirilmiş birinci müdafiə sənayesi sərgisinə böyük maraq göstərib və bu sərgini Prezident İlham Əliyev də ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 22-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev məlumat verib.
Y.Musayev bildirib ki, uzun müddətdir “ADEX-2016” sərgisinin hazırlıqlarına başlanılıb. Aidiyyəti qurumlarla birlikdə təşkilat komitəsi yaradılıb, sərginin tanınması üçün xarici ölkələrdə təbliğat işləri aparılıb, beynəlxalq şirkətlər “ADEX-2016”da iştiraka cəlb edilib. Pavilyonlarda müasir silah və texnika, eləcə də milli müdafiə sahəsində güc və qüdrət nümayiş olunacaq. Sərgidə bu qədər şirkətin iştirakı sübut edir ki, Azərbaycan dövlətinin nüfuzu artıb. Ölkəmiz özünü dünyada və regionda dinamik inkişaf edən dövlət kimi göstərə bilib. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən Bakıda keçirilən “ADEX” sərgisinə göstərilən maraq ölkəmizin iqtisadi gücünü nümayiş etdirməklə yanaşı, Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və regionun lider dövləti olduğunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, sərgi artıq ikinci dəfə müdafiə sənayesi sahəsində dünyadakı ən son nailiyyətlərin, ən yeni yerli məhsulların nümayiş olunduğu məkana çevriləcək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq. Burada 10 ölkənin, o cümlədən Azərbaycanın milli qrupları sərgidə öz ekspozisiyalarını göstərəcək. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur. Bu sərgilərin ən mühüm cəhəti ona ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidir.
Nazir müavini deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir çox sərgilərin iştirakçısı olub. Nazirlik bu sərgilərə və bazara çıxardığı məhsullarla özünü təsdiqləyib. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan və sayı artan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. Həmin məhsullar xarici ölkələrə ixrac edilir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin Katibliyi qeydiyyat sponsoru qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.
Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2016” sərgisinə 260 addan çox müdafiə təyinatlı məmulat çıxaracaq.
Bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sərgidə fəal iştirak edirlər. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır.
Dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin bron etdiyi açıq sərgi platforması xüsusi diqqətə layiqdir. Bu platformada ən son qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, tanklar, hava hücumundan müdafiə sistemləri və hərbi maşınlar nümayiş olunacaq. Bundan başqa, ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi də təqdim ediləcək.
Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Beləliklə, “ADEX-2016” sərgisi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün platformaya çevriləcək.
Ümumilikdə, dünyanın 50-dən çox aparıcı media qurumu sərgiyə informasiya dəstəyi göstərir.
Sərgiyə giriş sentyabrın 27-29-da hərbi və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün açıq olacaq.
Bu dəfə müşahidə olan böyük maraq nəzərə alınaraq, 2014-cü ildəki sərgidən fərqli olaraq, onun iş müddəti dörd günədək artırılıb.