ELM VƏ TƏHSİL
ADİU ilə Türkiyə universitetləri arasında ilk telekörpü reallaşıb
ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, telekörpüdə Hacettepe Universiteti ilə ADİU arasındakı mövcud əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib. Hər iki universitet arasında müəllim və tələbə mübadiləsi prosesinin genişləndirilməsi, həmçinin “Mövlanə” Mübadilə Proqramından daha səmərəli istifadə edilməsi məsələlərində razılıq əldə olunub. Eyni zamanda, bu universitetlərin təşkilatçısı olduqları Avrasiya Sosial Elmlər Forumunun da hər il müntəzəm qaydada keçirilməsinin və bu çərçivədə elmi əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
ADİU, Hacettepe, Qazaxıstanın Əhməd Yesevi və Qırğızıstanın Manas universitetləri tərəfindən birgə təsis edilən Avrasiya Sosial Elmlər Forumunun növbəti tədbirinin cari il noyabrın 15-16-da Almatı şəhərində keçiriləcəyi bildirilib.
Telekörpüdə forumun yüksək səviyyədə təşkil edilməsi məqsədilə bir sıra təşkilati məsələlər də müzakirə edilib.
İzmir İqtisad Universiteti ilə müzakirələr nəticəsində iki ali təhsil müəssisəsi arasında iqtisadiyyat, biznesin təşkili, logistika, mühasibat və audit, sığortaçılıq və risklərin idarə edilməsi, beynəlxalq ticarət, dizayn, sənaye mühəndisliyi, qida mühəndisliyi və distant təhsil sahələrində tədqiqat və tədris təcrübələrinin mübadiləsi, tələbə və müəllim mübadiləsi, həmçinin tələbə təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması üzrə razılıq əldə edilib. Bundan əlavə, yaxın günlərdə iki universitet arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.
Sonda tələbələrin sualları cavablandırılıb.