MƏDƏNİYYƏT
ADMİU-da Zəlimxan Yaqubla görüş
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” Tədris Teatrında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin aşıq sənəti kafedrasının müdiri aşıq Əhliman Rəhimov, dosentlər Samirə Əliyeva, Fəzail Miskinli, Nemət Qasımov və aşıq Altay Zəlimxan Yaqubun aşıq nümunələrini ifa ediblər.
Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək şairin zəngin yaradıcılığından söhbət açıblar.
Əməkdar artist Ağalar Bayramov və tələbələr Zəlimxan Yaqubun şeirlərini səsləndiriblər.
Sonda çıxış edən Z.Yaqub universitetin kollektivinə minnətdarlığını bildirib, yeni şerlərini oxuyub, tələbələrin suallarını cavablandırıb.