ELM VƏ TƏHSİL
ADNSU: Birinci kurs tələbələrinə “SABAH” qruplarına qəbul prosesi barədə məlumat verilib
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019-2020-ci tədris ili üçün “SABAH” qruplarına qəbulla bağlı I kurs tələbələri ilə görüş olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “SABAH” qruplarının təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində rolundan danışıb.
“SABAH” qruplarının icra komitəsinin rəhbəri Şahin Seyidzadə tələbələrə seçim və qəbul prosesi, təqaüd qaydaları, tədris imkanları haqqında məlumat verib. 2017-ci ildə “SABAH” qruplarının ilk məzun buraxılışı olduğunu söyləyən Şahin Seyidzadə 721 məzunun 37 faizinin yerli, 16 faizinin xarici universitetlərdə magistr pilləsinə qəbul olunduğunu, 30 faizinin isə daimi işlə təmin edildiyini diqqətə çatdırıb.
Şahin Seyidzadə qeyd edib ki, “SABAH” qruplarına qəbul olan tələbələr həm yüksəksəviyyəli təhsil almaq şansı qazanacaq, həm də təhsil müddətində əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma kimi bir sıra maddi imtiyazlara malik olacaqlar.
ADNSU “SABAH” qruplarının rəhbəri Nərminə Əliyeva universitetin “SABAH” mərkəzi haqqında məlumat verib, hazırda ali məktəbdə 7 ixtisas üzrə 374 nəfər tələbənin “SABAH” qruplarında təhsilini davam etdirdiyini qeyd edib.
Tədbirdə “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Sonra tələbələrin sualları cavablandırılıb.