ELM VƏ TƏHSİL
ADNSU-nun rektoru Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının Vyana konfransında iştirak edir
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Avstriyada Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Vyana konfransında iştirak edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə təşkilatın yeni rəhbərliyi müəyyənləşdirilib. Bundan sonrakı üçillik dövrdə UPBA-nın sədrliyi Qafqaz Universitetinin (Gürcüstan) rektoru Kaxa Şengeliya, baş katibliyi Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin (Avstriya) rektoru Gerald Rayzinger tərəfindən həyata keçiriləcək.
UPBA-nın inkişafının yeni dövründə professor M.Babanlıya qurumun regional əlaqələndiriciliyi, həmçinin 2018-ci ilin yazında qurum çərçivəsində Bakıda beynəlxalq konfransın keçirilməsi təklif edilib.
Avropa, Amerika, Asiya və Afrikadan 200-dən çox universitet rəhbərinin iştirak etdiyi tədbirdə M.Babanlı çoxlu sayda görüşlər keçirib, bir sıra ali məktəblərlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib və müəyyən razılıqlar əldə olunub.