ELM VƏ TƏHSİL
ADNSU Türkiyənin İğdır Universiteti ilə əlaqələri genişləndirir
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı ilə görüşü olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi bu ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri və təhsil müəssisəsində qazanılan uğurlardan danışıb, universitetdə 11 min tələbənin təhsil aldığını diqqətə çatdırıb. Rektor, eyni zamanda, ADNSU-da təhsilin inkişafı istiqamətində səmərəli tədbirlərin reallaşdırıldığını söyləyib.
İğdır Universitetində tədrisin təşkili barədə məlumat verən M.Hakkı təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra iki universitet arasında əməkdaşlığa dair protokol imzalanıb.
Qonağa xatirə hədiyyəsi təqdim edilib.