ELM VƏ TƏHSİL
ADU Çin universitetləri ilə əməkdaşlığı genişləndirir
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Çin Xalq Respublikasının Pekin Bələdiyyəsi Təhsil Komissiyasının nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor Kamal Abdulla Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, ADU-nun Çindəki müxtəlif universitetlərlə əlaqələrin daha da genişləndirilməsinə dəstək verdiyini diqqətə çatdırıb. ADU-da çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin uğurla hazırlanmasından danışan Kamal Abdulla təhsil sahəsində əməkdaşlığın Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib.
Pekin Bələdiyyəsı Təhsil Komissiyasının Maliyyə departamentinin direktoru Fan Çjunvey, Pekin şəhər orta məktəbin beynəlxalq əlaqələr üzrə koordinatoru Çi Kay, Beynəlxalq Təhsil Mübadiləsi Mərkəzinin müdiri Cia Quan Xuey təmsil etdikləri müəssisələrin iş prinsipi, fəaliyyət istiqamətləri, həmçinin Çin təhsil sistemi haqqında ətraflı məlumat veriblər.
Görüş zamanı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Sonra qonaqlar ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olublar. İnstitutun direktoru Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, Çin dili kurslarının işi, ADU-nun Çin universitetləri ilə əməkdaşlıq planlarından danışıb.