ELM VƏ TƏHSİL
ADU-da “Amerikada müxtəliflik və imkanlar” mövzusunda təqdimat keçirilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) “Amerikanı tanıyaq” layihəsi çərçivəsində “Amerikada müxtəliflik və imkanlar” mövzusunda təqdimat keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, slaydlar əsasında təşkil olunmuş mühazirə ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Sergio Real tərəfindən təqdim edilmişdir. Təqdimatın əsas məqsədi digər ölkələrlə müqayisədə Amerikada insanlara verilən bir çox üstünlükləri diqqətə çatdırmaqdır.
Amerikada müxtəlif ölkələrdən insanların yaşadığını deyən Sergio Real XIX-XX əsrlərdə ölkəyə gələn immiqrantların əksəriyyətinin avropalılar olduğunu bildirmişdir. O demişdir ki, Amerikada yaşayan insanların üçdə birini milli azlıqlar təşkil edir və onların hüquqları qanun tərəfindən qorunur. S.Real Amerikanın insanların şüurunda azadlığın və imkanların vətəni olması ilə bağlı fikirlərə aydınlıq gətirmiş, bu ölkənin mədəniyyətinin bir çox xalqlar tərəfindən qəbul edilməsindən, dil bilməməyin Amerikada yaşamağı çətinləşdirdiyindən söz açmışdır.
Sonda S.Real tələbələri maraqlandıran sualları cavablandırmışdır.
######