ELM VƏ TƏHSİL
ADU-da Azərbaycan-Çin münasibətləri haqqında elektron kitabın təqdimat mərasimi keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü” adlı elektron kitabın təqdimat mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin unikal diplomatik istedadı, Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri haqqında danışıb. O, Ulu Öndərin müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında rolunu xüsusi vurğulayıb. R.Abbasov Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin Çin Xalq Respublikasına (ÇXR) iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan, Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında məlumat verib. Bildirilib ki, kitabın Çin dilində tərtib olunması ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı – Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətlərinin genişləndirilməsi sahəsində göstərdiyi fəaliyyətin Çin cəmiyyətinə çatdırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Azərbaycan və Çin Böyük İpək Yolunun bərpa olunması proqramı çərçivəsində həyata keçirilən nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin mühüm iştirakçısıdır.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev kitabda Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs olunduğunu diqqətə çatdırıb. Prorektor əminliklə bildirib ki, bu kitab Azərbaycanın xarici siyasətinin öyrənilməsi nöqteyi-nəzərindən əhəmiyyətli mənbə olacaq.
Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov qeyd edib ki, təqdim olunan kitab Prezident İlham Əliyevin parlaq intellekti və uğurlu siyasi gələcəyi olan dövlət xadimi kimi bütün dünyada tanındığını bir daha təsdiqləyir.
Çinin Azərbaycandakı səfirinin müavini Li Tzinsun bildirib ki, 1992-ci il aprelin 2-də Çin ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması iki ölkənin tarixində yeni mühüm səhifə açıb. O qeyd edib ki, son iki ildə Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə qədəm qoyub. 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə birlikdə “İpək Yolu İqtisadi zonası” adlı birgə layihənin yaradılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Diplomat deyib ki, 25 il ərzində iki ölkə arasında humanitar əlaqələr də inkişaf edib. Azərbaycanda Konfutsi İnstitutu fəaliyyət göstərir, ölkədə Çin dilinə və mədəniyyətinə maraq artır.
Milli Məclisin deputatı, professor Elman Nəsirov Azərbaycan ilə Çin arasında münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib. Kitabla həm elektron, həm də çap formasında tanış olduğunu söyləyən E.Nəsirov Çin ilə bağlı yeni nəşrlərin mütəmadi çap ediləcəyinə əminliyini bildirib.
Milli Məclisin deputatı Ziyad Səmədzadə Çin kimi qədim tarixə malik bir dövləti araşdırmağın şərəfli missiya olduğunu söyləyib, kitabın hazırlanmasını yüksək dəyərləndirib.
Təqdimat mərasimində Milli Məclisin deputatı Vahid Əhmədov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Samir Məmmədov da iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin ÇXR-ə rəsmi səfərlərinin videoxronikasından kadrlar da nümayiş olunub.
Kitabda Prezident İlham Əliyevin 2003-2017-ci illərdə Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafı sahəsindəki çoxplanlı fəaliyyəti əksini tapıb. Kitab altı bölmədən ibarətdir: “Rəsmi səfərlər”, “Siyasi əlaqələr”, “Diplomatik münasibətlər”, “İqtisadi əməkdaşlıq”, “Ölkə rəhbərlərinin yazışmaları”, “İkitərəfli münasibətlərin hüquqi bazası”. Bu bölmələr Prezident İlham Əliyevin Çinə dövlət və işgüzar səfərləri, Çinin siyasət və dövlət xadimləri, hökumət nümayəndə heyətləri ilə görüş və danışıqları, rəsmi mərasimlərdə çıxışları haqqında məlumatları, həmçinin Azərbaycan-Çin münasibətləri ilə bağlı sənədlərin mətnlərini ehtiva edir.
Qeyd edək ki, Azərbaycan və Çin dillərində tərtib olunmuş bu kitabın elmi məsləhətçiləri Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdur. Nəşrin məsul redaktoru ADU-nun professoru Rafiq Abbasovdur.