“Advanced Data Science & Deep Learning” vebinarı təşkil olunub
Bakı, 15 dekabr, AZƏRTAC
“InnoWeek - İnnovasiya həftəsi 2020”nin növbəti onlayn tədbiri keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Advanced Data Science & Deep Learning” adlı vebinar nazirliyin “Robopark” layihəsi çərçivəsində “Matrix” Təlim Mərkəzi tərəfindən təşkil olunub.
İtaliyada “Data Science” üzrə magistr təhsili alan Ülviyyə Cəfərli müvafiq sektora dair təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Vebinarda dərin öyrənmə, obyektin aşkar olunması, NLP-təbii dilin emalı kimi maraqlı istiqamətlər müzakirə predmeti olub. Eyni zamanda, “Data Science” sahəsinin incəliklərindən, karyera imkanları və bu istiqamətdə real nümunələrdən bəhs edilib.
Vebinara 1000-dək izləyici qatılıb. İzləyicilərin marağına səbəb olan tədbir interaktiv keçib, 200-dək iştirakçının sahə üzrə sualları cavablandırılıb.