DÜNYA
AEBA missiyası Ukraynaya səfər edəcək
Vyana, 29 avqust, AZƏRTAC
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərindən ibarət missiya bu həftə Ukraynada Zaporojye AES-də monitorinq aparacaqdır.
AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun baş direktoru Rafael Qrossi bu barədə məlumatı sosial şəbəkə hesabında paylaşıb. O, bu həftə ərzində AES-ə səfər edəcək missiyaya rəhbərlik edəcəyindən qürur duyduğunu yazıb. R.Qrossi, həmçinin qeyd edib ki, Ukrayna və Avropanın ən böyük AES-də təhlükəsizlik təmin edilməlidir.
AEBA mütəxəssislərinin Zaporojye AES-ə səfəri ilə bağlı danışıqlar aylardan bəri davam etsə də, təhlükəsizliyə zəmanət verilməməsi və missiyanın mahiyyətinə dair fikir ayrılığı səfəri mümkünsüz edirdi.
Ukraynanın cənubunda yerləşən altı reaktorlu AES mart ayından Rusiya silahlı qüvvələrinin nəzarəti altındadır. Rusiya və Ukrayna tərəfi bir-birini mütəmadi olaraq AES ərazisinə hücumlara görə ittiham edir. Beynəlxalq qurum hərbi qarşıdurma gedişatında AES-də nüvə qəzasının başvermə təhlükəsindən narahatdır.
14 nəfərdən ibarət AEBA missiyası AES-də təhlükəsizlik sistemlərini yerində yoxlamalıdır. Bildirilir ki, rəsmi Kiyev və Moskvanın təqdim etdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil etdiyinə görə, belə bir yoxlanışa ehtiyac var.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana