İDMAN
AFFA-nın 2012-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunmuşdur
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev 2012-ci ilin Azərbaycan futbolu üçün uğurlu olduğunu bildirmişdir.
Vurğulamışdır ki, milli komandanın çıxışı bizi hələ tam qane etməsə də, mübariz komanda formalaşdıra bilmişik. Dünya çempionatının seçmə mərhələsində iki xal toplayan millimizin bu mərhələni yaxşı nəticə ilə başa vuracağına inanıram. Əsas məqsədimiz milli komandanın 2016-cı ildə Avropa çempionatının final mərhələsinə düşməsidir. 2020-ci il Avropa çempionatını keçirəcək şəhərlər arasında Bakının da yer alması üçün səylərimizi artırmışıq. Bunun üçün ölkəmizdə lazımi idman infrastrukturu vardır.
Sonra ötən il Azərbaycanda keçirilmiş U-17 qadınlararası dünya çempionatı barədə FİFA tərəfindən hazırlanmış videoçarx nümayiş olunmuşdur.
AFFA-nın baş katibi Elxan Məmmədov 2012-ci ildə qurum tərəfindən həyata keçirilmiş layihələr barədə məlumat vermişdir.
Baş katib qeyd etmişdir ki, AFFA-nın futbolun inkişafı istiqamətində üç əsas prioriteti vardır ki, bunlardan da əsası infrastrukturdur. Son vaxtlar ölkəmizdə inşa edilən stadionlarla bağlı məlumat verən E.Məmmədov digər prioritet olan kütləviliyin artırılması istiqamətində görülən işləri dəyərləndirmişdir. O, hazırda futbolumuzda 43 min üzv olduğunu və bunun 36 mininin futbolla aktiv məşğul olduğunu demişdir. Sonuncu prioritet isə təhsildir. Hazırda ölkəmizdə 18 orta məktəbdə şagirdlərə futbol dərsi keçilir. Həmin şagirdlərin 23 faizi ölkə klublarının heyətinə cəlb olunmuşlar. Uşaqlar əsasən “Bakı” və “Qarabağ” komandalarında cəmləşmişlər. Bu klublar adətən “Məktəbli kuboku” yarışlarında mükafatçılar sırasına düşürlər.
AFFA-nın ötənilki fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.
Daha sonra maliyyə, müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatları dinlənilmişdir.
Tədbirdə AFFA-nın ötənilki fəaliyyəti qənaətbəxş hesab olunmuşdur.