SİYASƏT
AFİNADA GUAM ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 12-Cİ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 2 dekabr (AZƏRTAC). GUAM-ın təşkilat şöbəsinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 1-də Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 12-ci iclası keçirilmişdir.
XİNŞ GUAM üzvü olan dövlətlərin BMT-də qarşılıqlı əlaqələri məsələlərini müzakirə etmiş, BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinin “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı 14-cü bəndi çərçivəsində səylərini daha da intensivləşdirməyin zəruri olmasını vurğulamışdır. Əməkdaşlıqla əlaqədar bir sıra məsələlər nəzərdən keçirilmiş, “GUAM+” formatında görüşlər olmuşdur.
İclasda GUAM-ın işçi orqanlarının fəaliyyəti barədə məlumat dinlənilmiş, GUAM-da sədrliyin 2010-cu ilin yanvarından etibarən bir il müddətində Ukraynaya keçməsi barədə qərar qəbul edilmişdir.