DÜNYA
Ağ ev: Prezident Bayden üçün COVID-19-un ağırlaşması qorxusu yoxdur
Vaşinqton, 22 iyul, AZƏRTAC
ABŞ Prezidenti Co Baydenin COVID-19 testi müsbət nəticə verəndən sonra xəstəliyin ağır keçəcəyi gözlənilmir. Hazırda Prezident virusa qarşı preparatlar qəbul edir.
AZƏRTAC xəbər verir ki, Ağ evin nümayəndəsi bunu dünən, iyulun 21-də bəyan edib.
Ağ evin COVID-19-a münasibət üzrə koordinatoru doktor Aşiş Ca bildirib ki, Bayden tam peyvəndlənmə proseduru keçib. Onun virusdan müalicə olunması üçün Pakslovid preparatı tövsiyə edilib. Aşiş Ca deyib: “Prezident tam vaksinasiya edilib və iki buster dozası alıb. Ona görə də xəstəliyin ciddi keçməsi riski cüzidir. Xəstəliyin yüngül formada keçəcəyini gözləyirik”.
2021-ci ilin yanvarında prezident vəzifəsində işə başlayandan bəri Bayden müntəzəm olaraq COVID-19 üçün test verib, lakin dünənə qədər bu testlərin nəticəsi heç vaxt müsbət olmayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu